Sevinc Vaqifqızı

Source: meydan tv

Caption: Sevinc Vaqifqızı

Sevinc Vaqifqızı iddiaçının ərinə: Günah mənim kameramda deyil, sizin xanımınızdadır

''Mən seçkini saxtalaşdıran adamdan niyə üzr istəməliyəm?''

Jurnalist Sevinc Vaqifqızı (Abbasova) ötən il aprelin 11-də prezident seçkisi günü 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16-cı məntəqələrində videomüşahidə kameralarının lentə aldığı görüntülərin məhkəmədə araşdırılmasını istəyir. İyulun 11-də Binəqədi Rayon Məhkəməsində vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb ki, MSK-ya sorğu göndərilib o görüntülər alınsın. Jurnalist bildirir ki, əgər görüntülər alınsa, onu məhkəməyə verən 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarovanın seçki saxtakarlığında iştirakı (bir neçə məntəqədə səs verən müəllimlərə nəzarət etməsi-red.) təsdiqini tapar.

E.Alandarova jurnalisti "Direktor müavini seçkidə "karusel"ə nəzarət edir" başlığıyla Meydan TV-də, "Azadlıq" qəzetinin internet saytında, sosial şəbəkələrdə yayımlanmış videoya görə məhkəməyə verib. Direktor müavini jurnalistin üzr istəməsini, videonun yayımlayan saytlardan silinməsi və təkzib verilməsini, 2500 manat da kompensasiya tələb edir.

Məhkəmədə E.Alandarovanı nümayəndəsi qismində həyat yoldaşı Rasət Qasımov təmsil edir.

R.Qasımov iyulun 11-də məhkəmədə deyib ki, onlar xüsusən videonun başlığına etiraz edirlər. Çünki video özü şərhsiz təqdim olunub. Orada E.Alandarovanın bir neçə seçki məntəqəsinə daxil olduğu, kameranı görəndə gizləndiyi, səs verib həyətdə gözləyən müəllimlərlə söhbəti, bir müddət sonra yenidən məktəbə qayıdan müəllimləri bu dəfə mühafizəçinin otağına aparması görünür.

S.Vaqifqızı bildirib ki, videonun başlığını özü təklif edib, redaktor da razılaşıb.

"Redaktor kim idi: Qənimət Zahid? Emin Milli? Natiq Ədilov...?"

Jurnalist suala cavab verməkdən imtina edib:

"Elmira Alandarovadan orada soruşdum ki, məntəqə üzvü olmadığınız halda, niyə məntəqələri gəzirsiniz? Dedi ki, mən məktəbin yeməkxanasına girmişdim. Məndən polis idarəsinə yazdığı şikayətdə göstərir ki, təhlükəsizliyə nəzarət edirdi. Sonra məhkəməyə iddiasında da yazır ki, seçki günü məktəbin həyətindəki bağçaya nəzarət edirdi. Mən bilmirəm, o, direktor müavinidi, yoxsa bağbandı..."

Jurnalistin sözlərinə görə, onun saxtakarlıq faktlarını çəkməsinin qarşısını almaq üçün haqqında akt tərtib edib, məntəqədən çıxarıblar:

"Aktda da seçki məntəqəsinin sədri ilə müşahidəçi qismində iştirak edən vətəndaşın imzası eynidir. Ümumiyyətlə, üç imza var, üçü eyni..."

S.Vaqifqızı aktın surətini məhkəməyə də təqdim edib.

Jurnalist deyir ki,həmin gün məktəbdə yerləşən üç seçki məntəqəsindən birində səs verən bir qrup müəllim çıxıb həyətdə gözləyiblər. Onların dayanıb gözlədiyini çəkəndə E.Alandarova yaxınlaşıb, müəllimlərə getmələrini tapşırıb. Bir qədər sonra müəllimlər yenə qayıdıb. Bu dəfə E.Alandarova onları qarşılayıb mühafizəçinin otağına aparıb.

Həyat yoldaşı iddia edir ki, müəllimlərin öz aralarında danışacağı vacib söhbətləri vardı, ona görə mühafizəçinin otağına gediblər. S.Vaqifqızı deyib ki, iş günü olmadığı halda, müəllimlərin vacib söhbətini məhz seçki gününə salması şübhəlidir.

"Seçki günü sizin üçün qeyri-adi gündür. Şou düzəltmək üçün...", - direktor müavininin həyat yoldaşı belə cavab verib.

Daha sonra hakim tərəflərdən soruşub ki, onların arasında barışıq mümkündürmü?

R.Qasımov bildirib ki, əgər S.Vaqifqızı üzr istəsə, o halda, mümkün ola bilər.

Jurnalist isə deyib ki, həqiqəti çəkib göstərib və buna görə üzr istəməyəcək:

"Mən səhv eləyəndə üzr istəyirəm. Doğru dediyim şeyə görə dünya dağılsa da, üzr istəmərəm. Nə etsəniz belə... Sizin xanımınız məhkəməyə gəlib, mənimlə üzbəüz dayana bilmədi. Mən seçkini saxtalaşdıran adamdan niyə üzr istəməliyəm? Əgər tənqid olunmasını, əməllərinin yayılmasını istəmirsə, düz işləsin. Günah mənim kameramda deyil, sizin xanımınızdadır".

Məhkəmə prosesi avqustun 5-də davam etdiriləcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/t44ir7

Most Viewed