Zərərçəkən sabiq nazirin qardaşını bağışladı

Əhməd Əhmədov

Əhməd Əhmədov

Şahid: “Dostum dedi ki, sabiq nazirin qardaşı onu və ailəsini məhv etməklə hədələyir”

17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş, 2017-ci ildə bu vəzifədən azad edilən Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi yanvarın 9-da davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında şahidlər Habil Cəfərov və Sahil Allahverdiyev dindirilib. Onlar bu iş üzrə iki zərərçəkmişdən biri Rəşad Tahirovun dostlarıdır.

Rəşad Tahirovla digər zərərçəkmiş Hörmət Əsgərov qohumdular. İttihama əsasən, keçmiş nazirin qardaşı H.Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov H.Əsgərovu özünə məxsus restorana çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu R.Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Şahid H.Cəfərov bildirib ki, həmin ərəfədə dostu Rəşad ondan borc pul istəyib: “Rəşad məndən 40 min dollar borc istədi. Dedi ki, Əvəz Əhmədov ondan hədə-qorxu ilə pul tələb edir. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Hörmət həkimin Əvəzə olan borcunu ondan istəyirlər. Rəşad 220 min dollar tələb edildiyini dedi. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə dedim ki, axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz? Biz razılaşmadıq. Rəşada dedim ki, dur, gedək. Rəşad qalxmadı, dedi ki, iki evinin sənədləri onlardadır. Əvəz Əhmədov da dedi ki, Rəşad qalxa bilməz. Sonra biz oturub yenidən danışdıq. 140 minə razılaşıb gəldik”.

Şahidin sözlərinə görə, dostu ona deyib ki, sabiq nazirin qardaşı onu və ailəsini məhv etməklə hədələyir.

Digər şahid S.Allahverdiyev də dostu Rəşadın ondan borc aldığını söyləyib. Bildirib ki, Ə.Əhmədova pul vermək üçün R.Tahirov ondan 55 min dollar borc alıb, onun bir qismini sonra qaytarıb: “Əvvəl 30 min istədi, mən də verdim. Aramızda dəfələrlə işə görə pul alıb-vermişik. Verəndə nə üçün lazım olduğunu soruşmadım. Sonra 25 min verdim. Artıq uzun zaman keçsə də, pulu qaytarmadı. Mən pulu istəyəndə Əvəz Əhmədov adlı şəxsin ondan hədə-qorxu ilə pul aldığını, buna görə də pulu qaytara bilmədiyini dedi”.

Məhkəmədə hakim zərərçəkmiş şəxslərə sual verərək təqsirləndirilən Əvəz Əhmədovdan şikayətçi olub-olmadıqlarını soruşub.

H.Əsgərov heç bir şikayət və tələbinin olmadığını bildirib. Digər zərərçəkmiş R.Tahirov isə Ə.Əhmədovun həbsdə saxlanmasını istəmədiyini, lakin ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmişlərdən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. Özünün məhkəmədə bidirdiyinə görə, bu qalmaqallardan sonra müdafiə nazirinin əmrilə vəzifəsindən azad edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g4i47i

Ən çox baxılan