Sosial Müdafiə Mərkəzi

Mənbə: meydan tv

Başlıq: Sosial Müdafiə Mərkəzi

''Sosial Müdafiə Mərkəzinin işçiləri vətəndaşlarla kobud davranır''

Məqalə yeniləndi:  28 İyun 2019

Kəpəz sakini deyir, yaşadığı ünvana gələn rayon Sosial Müdafiə Mərkəzinin xanım işçisi kobud davranışıyla ailə üzvlərini aşağılayıb

“Nə icazə alıb, nə üzrxahlıq edib... Dövlət qurumundan gəlibsə, ev sahibiylə hər cür davrana bilər, yəni. Çirkli ayaqqabısıyla xalçaların üstündə otaqları gəzib, yoldaşımla olduqca kobud davranıb, qapıdan çıxanda da deyib ki, onsuz da sizə imtina cavabı gələcək”.

Gəncə şəhəri, Kəpəz rayon sakini Sadiq Məmmədov Meydan TV-yə danışır ki, bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı sosial yardım üçün rəsmi müraciət edib. Bu müraciətindən on gün sonra yaşadıqları ünvana nazirliyin Kəpəz rayon şöbəsindən Rima adlı əməkdaş gəlib. Sadiq Məmmədovu məyus edənsə deməsinə g��rə, dövlət qurumundan gələn əməkdaşın ailə üzvləriylə kobud davranışı olub.

“Xəbərdarlıqsız evə girib, icazəsiz şəkillər çəkib”

“38 saylı hərbi şəhərcikdə - məcburi köçkünlərin məskunlaşdıqları binada yaşayırıq. 3 mərtəbəli baxımsız, təmirsiz binadır. Ancaq insanlar mənzillərini maksimum təmiz, səliqəli saxlamağa çalışır. Səhər sübhdən həyat yoldaşım uşaqlarla dəhlizdə olanda xəbər tutub ki, evə kimsə girib. Baxıb ki, bir qadın ayaqqabıyla otaqları gəzir, əşyaların şəkillərini çəkir. Soruşub ki, siz kimsiniz? Deyib, sosial müdafiə şöbəsindən gəlmişəm. Yoldaşım ona xəbərdarlıqsız evə girməsini, icazə almadan şəkillər çəkməsini, körpə uşaqların üzərində oturub oynadığı və həmin vaxt üstündə oyuncaqlar olan xalçanın üstündə çirkli ayaqqabıyla gəzməsini irad tutub. O isə üzrxahlıq etmək əvəzinə, yoldaşıma bildirib ki, mən getdiyim evlərdə ayaqqabımı soyunmuram,”- Sadiq Məmmədov deyir.

Sadiq Məmmədovun sözlərinə görə, eyni vəziyyət qonşuluqdakı mənzildə də təkrarlanıb. Həmin əməkdaş üst mərtəbədə yaşayan İnqilab Mustafayevin mənzilinə gedib. Orada da nəzakətsizlik nümayiş etdirərək otaqları ayaqqabıyla gəzəndə ev sahibəsi ona çəkələk geyinməyi təklif edib:

“Çıxanda dedi, onsuz da imtina cavabı alacaqsız”

“O da çəkələyi ayaqqabının üstündən geyinib... Ancaq küçənin palçığında gəzdiyi ayaqqabıyla körpələrin iməklədiyi evdə gəzməkdən məmnunluq duyur. Ordan da çıxanda son sözü bu olub ki, onsuz da nazirlikdən imtina gələcək”.

Bir neçə gün sonra həm Sadiq Məmmədova, həm də qonşusuna həqiqətən də ünvanlı sosial yardımın təyin olunmasından imtina cavabı gəlib:

“Bunlar ucdantutma hamıya imtina yazırlar deyə, artıq evlərə gedən əməkdaşları da bilir ki, bu evə gəlməyi də, müəyyən prosesləri yerinə yetirməyi də boş şeydir. Yəni artıq evlərə gedəndə bildirirlər ki, özünüzü yormayın, onsuz da olmayacaq...”

“Əvvəlcə etik davranış qaydalarını bilməlidilər”

Sadiq Məmmədov iradlını bildirmək üçün ƏƏSMN-nin Kəpəz Rayon Şöbəsinə gedib. Tələb edib ki, kobud və nəzakətsiz davranan əməkdaş hər iki ailədən üzr istəsin:

“Çünki o, bu davranışı xidməti vaxtı nümayiş etdirib, vətəndaşları aşağılayıb, təhqir edib. Müdir dedi, şikayətiniz varsa, polisə müraciət edin. Halbuki, burada polislik bir iş yoxdur, sadəcə, o əməkdaşı tənbeh etmək, töhmət vermək lazımdır ki, növbəti dəfə rəsmi qurumun adından ailələrə gedəndə nəzakətli, dövlət qurumunun işçisi adına davransın. Bu məsələnin ictimailəşməsində də marağım odur ki, nazirlik ailələrlə işləyəcək əməkdaşları işə götürəndə onları ünvanlara göndərməmişdən əvvəl etik davranış qaydaları barədə bilgiləndirsin. Bu işçilər üçün vaxtaşırı treninqlər təşkil olunsun. Olduqca kobud, aqressiv davranırlar. Sanki öz şəxsi həyatlarındakı ağrını, acını vətəndaşlara yükləyirlər. Əgər vətəndaş ünvanlı sosial yardım üçün müraciət edibsə, bu, o demək deyil ki, o qurumun əməkdaşı gəlib yaşadığı ünvanda onu aşağılamalı, istədiyi kimi davranmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Sadiq Məmmədov rəsmi şəkildə müraciət etsə, məsələ araşdırılar. Əgər şöbə əməkdaşı həqiqətən də vətəndaşlarla kobud davranıbsa, müvafiq tədbir görüləcək.

Rima adlı xanımla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın (ÜSY) verilməsinə 2006-cı ildən başlanıb. Rəsmi məlumata görə, 2016-cı ildə bu yardımdan 451,5 min ailə istifadə edib. 2017-ci ildən ünvanlı sosial yardımın verilməsində kəskin azalma müşahidə olunub. Hazırda xeyli ailə nazirliyin göstərdiyi müxtəlif səbəblərdən bu yardımdan kənarda qalıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 İyun 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/peevvl

Ən çox baxılan