Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi

Masallı sakininin əri tərəfindən öldürüldüyü deyilir

Masallı rayon sakini Aidə Dadaşovanın yanvarın 10-da əri Rövşən Dadaşov tərəfindən qətlə yetirildiyi bildirilir. Bu barədə Meydan TV-yə mərhumun qızı məlumat verib.
2017-ci ilin sonlarında qadın iki məktəbli uşağı ilə birlikdə Masallıdan Bakıya qaçmış və “Təmiz Dünya” İctimai Birliyinin sığınağında məskunlaşmışdı.

Məişət zorakılığının qurbanı kimi Meydan TV-yə danışan qadının sözlərinə görə, yeniyetmə ikən ərə verilib, daim əri tərəfindən şiddət görüb:

“Hamilə vaxtı məni aparıb gəzdiyi qadının yanında döyüb”.

Qadın deyirdi ki, dəfələrlə polisə şikayət etsə də, yenidən ərinin yanına göndərilib.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Meydan TV-yə deyib ki, Aidə Dadaşova sığınacağa gəldikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Sığınacaqda olduğu müddətdə işlə təmin edilib və kirayəyə çıxıb:

“13 noyabr 2017-ci ildə sığınacağı tərk edib, kirayəyə daşınmışdı. Kirayəyə çıxandan sonra da müəyyən yardımlar edirdik. Çalışırdıq öz ayağı üzərində dura bilsin. Onun ərini bir dəfə məhkəmədə gördük. Özünü qeyri-adekvat aparırdı, gah deyirdi ki, qadın əxlaqsızlıq edib, gah da barışmaq istəyirdi. Aidə xanım da şərlənməsini bağışlaya bilmirdi. Sonradan bildik ki, barışıq ərizəsi yazılıb və qadın evinə qayıdıb. Bunu eşidəndə təəccübləndik, çünki boşanmaq istəyirdi, çox qətiyyətli idi”.

Mehriban Zeynalovanın sözlərinə görə, Aidə Dadaşovanın atasıgil imkansız ailə olduğundan qızlarını müdafiə edə bilməyib:

“Qadını şərləyirdilər, amma burada olduğu müddətdə heç bir pis hərəkətini görmədik. Əksinə, özü haqqında deyilən sözləri həzm edə bilmirdi”.

Aidə Dadaşovaya məxsus telefonu cavablandıran qadın Meydan TV-yə özünü Rövşən Dadaşovun bibisi qızı kimi təqdim edib:

“Qadın qaçıb getmişdi sığınacağa. Elə sığınacaqların hamısı əxlaqsız qadınlara qucaq açır. Rövşən də uşaqlarının xatirinə gedib gətirdi, barışdılar. Amma gördü ki, qadın yenə öz yolundan əl çəkmir, vurub öldürdü. Deyirlər, guya Rövşən başqasıyla gəzirmiş. Elə idisə, onda Aidə onu vurub öldürəydi də, niyə tərsinə oldu?”

Qadının sözlərinə görə, Rövşən Dadaşov xanımını küt alətlə qətlə yetirib:

“Uşaqlar qonşu otaqda olublar. Analarının səsini eşitməsinlər deyə ağzını tutub, küt alətlə qətlə yetirib. Bu Rövşəni tutublar, istintaq gedir”.

Aidə Dadaşovanın qohumları isə Meydan TV-yə deyib ki, qadın evinə qayıtdıqdan sonra yenidən şiddət görüb və təkrar polisə şikayət edib. “Rövşən barışıq ərizəsi yazmışdı. Amma yenə də ailəsinə zülm edirdi. Ona görə də Aidə evdən qaçıb polisə şikayət etmişdi. Rövşən də görüb bu dəfə həbs olunacaq, deyib elə namus üstündə gedim”, - deyə mərhumun yaxınları bildirib.

Masallı Rayon Prokurorluğundan hadisəni təsdiqləsələr də, istintaq sirri olduğundan məlumat vermək istəməyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0p9t4c

Ən çox baxılan