Cahangir Hacıyev: Ailə üzvlərimlə görüşümə imkan verilmir

Cahangir Hacıyev

Cahangir Hacıyev

''Mənim haqqımda cinayət işinə birmənalı xitam verilməlidir''

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, 2015-ci ilin dekabrından həbsdə olan və 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin haqqındakı yeni cinayət işi üzrə yanvarın 21-də məhkəmə prosesi başlayıb. C.Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, dostu və keçmiş deputat, 12 il 9 ay azadlıqdan məhrum edilmiş Dünyamin Xəlilov da daxil olmaqla, budəfəki cinayət işində təqsirləndirilən şəxslərin sayı 22 nəfərdir. Onlardan dörd nəfəri həbsdədir. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman C.Hacıyev bildirib ki, onun qeydiyyat ünvanı kimi, Mirzağa Əliyev küçəsi 130 göstərilsə də, bu evin ona və ailə üzvlərinə heç bir aidiyyəti yoxdur.

Məhkəmədə elan edilib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokredit” ASC bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

C.Hacıyevin vəkili Fariz Namazlı sabiq bank rəhbərinin şüşə kabinədən çıxarılıb vəkilinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Bildirib ki, hüquqlarını m��dafiə etdiyi şəxslə məhkəmənin gedişinə mane olmadan mütəmadi məsləhətləşmək baxımından bu vacibdir. Vəkil bildirib ki, sentyabr ayından C.Hacıyevin ailə üzvlərilə görüşmək və telefonla danışmaq hüququna məhdudiyyət qoyulub. C.Hacıyev və digər təqsirləndirilən şəxslərin artıq məhkəmənin balansında olduğunu vurğulayan F.Namazlı hakimlərdən istintaq təcridxanasına məktub göndərilməsini istəyib:

“Təcridxanadan məhkəmənin Cahangir Hacıyevin bu hüquqlarının təmin olunmasına etiraz etməməsi barədə məktub istəyirlər”.

Vəkil C.Hacıyev haqqında cinayət işinə xitam verilməsi barədə də vəsatət qaldırıb. Deyib ki, ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 193 (cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı maddələrilə irəli sürülmüş ittihamlar əsassızdır. F.Namazlı bildirib ki, təqsirləndirilən şəxslərə mütəşəkkil dəstədə birləşib, cinayətlər törətmək ittihamı verilib, amma onların çoxu heç bir-birini tanımır.

C.Hacıyev özü də çıxış edib. O da ailə üzvlərilə görüş, telefon danışığı hüququndan məhrum edildiyini bildirib. Deyib ki, cinayət işinin materiallarıyla tam tanış ola bilməsi üçün ona imkan verilməyib. C.Hacıyev ona görə vəkillərinə təzyiq olunmasından, hətta müdafiəçilərindən birinin vəkillik fəaliyyətinin dayandırılmasından danışıb:

“Mənim haqqımda cinayət işinə birmənalı xitam verilməlidir. Əfsuslar olsun ki, bu işi aparan istintaqçılarda, istintaqa nəzarət edən prokurorluqda maliyyə-bank sistemi haqda anlayış yoxdur”.

Bir neçə nəfər başqa təqsirləndirilən şəxslərin vəkilləri də istintaqdan narazılıq edib. Onların bir neçəsi işin yenidən araşdırılması üçün istintaqa qaytarılması, bəziləri də cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıb.

Bu işdə dövlət ittihamını iki prokuror müdafiə edir. Onlar müdafiəçilərin vəsatətlərinə etiraz ediblər, əsassız olduğunu bildiriblər.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-də davam edəcək.

Budəfəki cinayət işində Beynəlxalq Bankla bağlı 3.4 milyard dollar və 987 milyon avroluq mənimsəmə və israfetmədən söhbət gedir. İddia olunur ki, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib.

C.Hacıyev, D.Xəlilov və daha 20 nəfər təqsirləndirilən şəxsə qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köm��yiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qrwyri

Ən çox baxılan